αvβ6-inteqrini hədəf alan 68Ga-Trivehexin PET/CT müayinəsi: radiofarmasevtik hazırlanmadan klinik tətbiqə qədər.
Layihə ilə tanış olunAzərbaycan Elm Fondunun “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Əsas Qrant Müsabiqəsi-2024” (AEF-MGC-2024-2(50)) qalib layihəsi:
Layihə rəhbəri: Mehdi Elnur
İnteqrinlər hüceyrəni hüceyrəarası matrikslə birləşdirən adheziya molekullarıdır. Onların arasında αvβ6-inteqrin sağlam epitel toxumasında çox az, bir çox karsinomalarda isə yüksək səviyyədə ekspressiya olunur. Bu da onu molekulyar görüntüləmə üçün cəlbedici hədəfə çevirir.
Pozitron emissiya tomoqrafiyası–kompüter tomoqrafiyası (PET/CT) onkoloji xəstəliklərin aşkarlanmasında, mərhələləndirilməsində və müalicəyə cavabın qiymətləndirilməsində aparıcı tibbi görüntüləmə metodlarından biridir.
Hüceyrələrin qlükoza mübadiləsinə əsaslanan 18F-fluorodeoksiqlükoza (FDG) PET/CT yüksək həssaslığa malikdir, lakin FDG yalnız şiş hüceyrələrində deyil, aktivləşmiş iltihab hüceyrələrində də toplanır. Buna görə iltihabi və ya post-terapevtik dəyişikliklər fonunda yaranan FDG-həris ocaqlar çox vaxt qeyri-müəyyən qalır və əlavə invaziv müayinələr tələb edir.
Layihə çərçivəsində αvβ6-inteqrini hədəf alan 68Ga-Trivehexin radiofarmasevtik dərman vasitəsinin hazırlanması, keyfiyyətə nəzarəti və klinik tətbiqi sistemli şəkildə həyata keçirilmişdir.
Radiofarmasevtik preparat avtomatlaşdırılmış sintez modullarında hazırlanmış, radiokimyəvi təmizliyi HPLC və ITLC üsulları ilə qiymətləndirilmiş, klinik tətbiq üçün tələb olunan keyfiyyət göstəriciləri daim nəzarətdə saxlanılmışdır.
Hüceyrə metabolizması prinsipindən fərqli olaraq şiş hüceyrələrinin səthindəki adheziya molekuluna bağlanan bu preparat ocaqların bədxassəli və ya iltihabi mənşəyini ayırd etməyə əlavə imkan yaradır.
18F-FDG PET/CT-də iltihabi və ya post-terapevtik dəyişikliklərlə əlaqədar qeyri-müəyyən ocaqları olan onkoloji xəstələrdə əlavə olaraq 68Ga-Trivehexin PET/CT aparılmışdır.
68Ga-Trivehexin PET/CT FDG-həris, lakin iltihabi mənşə ehtimalı olan ocaqların xarakterizə edilməsində əlavə diaqnostik dəyər göstərmişdir.
Trivehexin toplanmasının zəif olması və ya olmaması bir çox hallarda xoşxassəli və ya iltihabi proseslərlə uyğun gəlmiş, bu da lazımsız invaziv müdaxilələrin qarşısını almağa imkan vermişdir.
FDG və Trivehexin toplanmasının üst-üstə düşdüyü hallarda bədxassəli prosesin təsdiqlənməsi klinik qərarların dəqiqləşdirilməsinə kömək etmişdir.
Avtomatlaşdırılmış sintez modullarında radiofarmasevtik preparatın hazırlanması.
HPLC və ITLC ilə radiokimyəvi təmizliyin qiymətləndirilməsi, klinik keyfiyyət göstəricilərinin təmin edilməsi.
22 xəstədə FDG və Trivehexin PET/CT-nin vizual və kəmiyyət təhlili, histopatoloji təsdiq.
αvβ6-inteqrin hədəfli 177Lu-Trivehexin üçün ilkin texniki və metodoloji çərçivənin formalaşdırılması.
Azərbaycan Elm Fondunun “Əsas Qrant Müsabiqəsi-2024” (AEF-MGC-2024-2(50)) qalib layihəsi.
Layihə rəhbəri: Mehdi Elnur